e-Xeber

Operativ Xəbər Portalı

Virusun çökdürdüyü iqtisadiyyat nə vaxt ayağa qalxacaq? – BÖHRAN

Keçən ilin son ayında Çində ortaya çıxan koronavirus pandemiyası dünya iqtisadiyyatını böyük təhlükə ilə üz-üzə qoyub.

Belə ki, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva dünya iqtisadiyyatının artıq resissiyaya (ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olması, ÜDM və ÜMM-in səviyyəsinin azalması) qədəm qoyduğunu bildirib. O, vəziyyətin pis olduğunu vurğulayaraq, “Biz artıq 2009-cu ildəki kimi, yaxud daha pis olan resissiyaya daxil olmuşuq”,- deyib.

Maraqlıdır, post-koronavirus dövründə dünya doğrudanmı, böyük iqtisadi böhranla üz-üzə qalacaq?

Cebhe.info-nun bu sualını cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, dünya artıq resissiya dövründədir, uçuşların və istehsalın dayanması, zavod və fabriklərin işələməməsi, qeyri-ərzaq istehlakının sıfıra düşməsi iqtisadiyyata ciddi fəsadlar yaradacaq:

Virusun çökdürdüyü iqtisadiyyat nə vaxt ayağa qalxacaq? - BÖHRAN 1

“Yəni dünya iqtisadi böhranla üz-üzədir. 2008-2009-cu il böhranları maliyyə bazarlarının böhranı idi və o böhranı aradan qaldırmaq daha asandı. Çünki dünya mərkəzi bankları, o cümlədən Amerikada Federal Ehtiyatlar Sistemi bütün dünyada trilyonlarla dollar maliyyə sisteminə dəstək oldu. Çox qısa müddətdə, cəmi 1 il ərzində maliyyə sistemində olan böhran dayandırıldı və yüksəlişə keçdi. Dünya iqtisadiyyatı 1 il ərzində özünə gələ bildi. İndiki böhran maliyyə sektorunun deyil, əksinə indi pul daha çoxdur, obrazlı dildə desək, dünya pul içində üzür. Bütün mərkəzi banklar və dünya ölkələrinin hökumətləri iqtisadiyyata trilyonlarla dollar vəsait buraxırlar. Ancaq indiki dövrdə bu, iqtisadiyyatın real və istehlak sektorunun böhranı olduğu üçün daha uzunmüddətli olacaq və tələbin bərpa olunması daha uzun zaman alacaq”.

Ekspert bildirib ki, ən pisi virus təhlükəsinin nə zaman bitəcəyini bilməməkdir:

“Buna görə də daha ciddi fəsadların olması ehtimalı çox yüksəkdir. Hətta düşünsək ki, ən yaxşı ssenari kimi yay aylarında dünya virusa qalib gələcək, tələbin bərpa olunması, istehsal zəncirlərinin yaradılması, insanların köhnə vərdişlərinə dönməsi, turizm sektorunun canlanması ən azı 1 il alacaq. Bu 1 il ərzində dünya iqtisadiyyatı resissiyada qalmağa davam edəcək. Bu isə insanların kütləvi şəkildə işsiz qalması, gəlir mənbəyindən məhrum olması deməkdir. Yəni bu böhran 2008-2009-cu il böhranından köklü şəkildə fərqlənir”.

Tünzalə Rüstəm
Cebhe.info